Kipr Türk tərəfinin konstruktiv münasibətinə və bu istiqamətdə bütün əməkdaşlıq çağırışlarına baxmayaraq, 25 ildən artıq bir tarixə malik olan Pile-İgidlər yolu layihəsi Birləşmiş Millətlər Təşkilatı Sülhməramlı Qüvvələrindən (BMTSQ) qarşılıq görmədi. Bunun nəticəsində BMTSQ rəsmilərinə məlumat verilərək, avqustun 18-i cümə günü yolun tamamlanması üçün lazımi işlərə başlanıldı.
Pile-İgidlər yolu layihəsinin əhəmiyyəti
1974-cü ildən bəri mövcud olan Pile-İgidlər yolunun abadlaşdırılması layihəsi Piledə yaşayan türk əhalinin sağlamlıq, nəqliyyat, alış-veriş və bənzər humanitar ehtiyaclarının qarşılanmasında, iqtisadi baxımdan inkişaf etdirilməsində, Şimali Kipr Türk Respublikasında (ŞKTR) olan digər bölgələrə və yenə ŞKTR-də olan bölgə xalqının öz ərazilərinə çatmalarında böyük rahatlıqlar təmin edəcək.
Bufer zonada türklərin və yunanların yaşadığı yeganə qarışıq kənd olan Piledə yaşayan türklər ŞKTR-yə çıxış əldə etmək üçün kənddəki İngilis Baza Bölgələrində qurulan barrikadalarda gömrük nəzarətindən keçirlər. Əməliyyatların uzanması və uzaq məsafə səbəbiylə Paytaxt Nikosiyaya çatmaq 1 saatdan çox çəkə bilər.
Pile-İgidlər yolunun tikintisi ilə bu müddət 10-15 dəqiqəyə enəcək. Bu yolun ümumi uzunluğu 11,6 kilometrdir, onun 7,5 kilometri İgidlər, qalan 4,1 kilometri isə Pile sərhədləri daxilindədir. Ümumiləşdirsək, tamamilə humanitar səbəblər və ehtiyaclar üçün hazırlanan İgidlər-Pile yolu layihəsi əhalisi günü-gündən azalan və sosial-iqtisadi təzyiqlər altında olan Piledə yaşayan Türkiyə vətəndaşlarının nəfəs borusuna çevriləcək bir layihədir.
Problemin mənbəyi
Bütün bu faktlara baxmayaraq, avqustun 18-də səhər saatlarında yol işləri başlayanda BMTSQ hərbi qulluqçuları barrikadalar quraraq yolun tikintisinin qarşısını almağa çalışdılar, mülki qrupun təhlükəsizliyini təmin etmək üçün bölgədə olan ŞKTR polisinə və yol tikinti qrupuna fiziki müdaxilə etdilər.
BMT-dən verilən açıqlamada Sülhməramlı Qüvvələrin “icazəsiz tikinti işlərinin qarşısını almaq üçün qanuni vəzifələrini yerinə yetirərkən” Kipr türklərinin BMTSQ əsgərlərinə qarşı hücumlar təşkil etdiyi iddia edilib. BMTSQ həmçinin Kipr türk tərəfini BMT-nin bufer zonadakı missiyasının mandatına hörmətlə yanaşmağa, gərginliyi daha da artıra biləcək hər hansı hərəkətdən çəkinməyə və dərhal bütün şəxsi heyəti və avadanlıqları ərazidən çıxarmağa çağırıb.
Bu açıqlamadan da aydın göründüyü kimi, problemin qaynağı ŞKTR dövlətinin və onun səlahiyyətinin BMT tərəfindən “icazəsiz” görülməsidir. Ancaq ŞKTR sərhədləri daxilində baş verən gərginlik BMT hərbi qulluqçularının münasibətindən, ŞKTR polisinə etdiyi fiziki müdaxilədən və maneələrdən qaynaqlanır.
Hadisədən sonra ŞKTR və Türkiyə xarici işlər nazirləri sərt reaksiya verib. ŞKTR xarici işlər naziri Tahsin Ərtoğruloğlu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) türk dostu bir təşkilat olmadığını və bu yolun mütləq tamamlanacağını bildirib, Türkiyə xarici işlər naziri Hakan Fidan isə ŞKTR-in haqlı mövqeyini dəstəklədiklərini, BMT-nin neytrallığını itirdiyini və işlərin davam etdiriləcəyini bəyan edib.
BMT-dən ikili standart
Pile-İgidlər yolu layihəsinin əngəllənməsinin təbii olaraq ağıllara gətirdiyi sual yunan tərəfinin bufer zonasında oxşar müdaxilələrlə üzləşib-üzləşməməsidir. Piledə yaşayan yunanlar heç bir sərhəd və gömrük nəzarətindən keçmədən sərbəst şəkildə Cənubi Kiprə gedib-gələ bilərlər. Onlar Britaniya bazası və ya BMT rəsmiləri tərəfindən heç bir məhdudlaşdırıcı yoxlamaya məruz qalmırlar.
Üstəlik, BMT yunan tərəfinin qəsdən türk ərazilərini müsadirə edərək 1996-cı ildə inşa etdiyi, bir hissəsi də bufer zonadan keçən Larnaka-Dikelya-Ayia Napa yolu və 2004-cü ildə yunanlar tərəfindən inşa edilən, yenə bir hissəsi bufer zonadan keçən Pile-Voroklini yolunun çəkilməsinə, Kipr türk tərəfinin bütün etiraz və narazılıqlarına baxmayaraq, səssiz qalaraq icazə verib.
Bu nöqtədə vurğulanması lazım olan digər vacib məqam isə yunan tərəfinin bufer zona pozuntularının təkcə yol tikintisi ilə məhdudlaşmamasıdır. 2012-ci ildə bufer zonada inşa edilən Pile Universitetinin kampusu BMT-nin icazəsi olmadan hər il genişləndirilir. Yenə türk tərəfinin 2020-ci ildə inşa edilən və bufer zonada fəaliyyətini hələ də davam etdirən açıq səma altında kinoteatrla bağlı sərt və israrlı etirazlarına baxmayaraq, BMT susmağa davam edir.
Bu faktlar işığında yunan tərəfinin Pileni, bufer zonanı “yunanlaşdırmaq” və Piledə yaşayan Kipr türklərini köç etməyə məcbur etmək siyasətinin sistemli şəkildə həyata keçirildiyini və BMTSQ-nin səssiz qalaraq, bütün bunları təsdiqlədiyini görürük. Bu hadisələr hələ də ŞKTR ilə status razılaşması (SOFA) əldə etməkdən yayınan, Kipr türk tərəfinə qarşı qərəzli mövqe tutan BMTSQ-nin reputasiyasına xələl gətirir və onun ŞKTR-dəki varlığının şübhə altına alınmasına səbəb olur. ŞKTR səlahiyyətlilərinin xoş niyyəti ilə fəaliyyətini davam etdirən BMT-nin öz münasibətini gözdən keçirməsinin, türk və yunan tərəflərinə bərabər yanaşmasının zamanıdır.
Nəticə olaraq Pile-İgidlər yolu layihəsi status-kvonu qoruyan və idarə edən dairələrə bir daha göstərdi ki, zaman sabit deyil və dinamizmin qarşısını almaq olmaz. Bu hadisə Kiprdə ədalətli, daimi və davamlı həllin virtual reallıqlara deyil, adadakı mövcud reallıqlara əsaslanması lazım olduğunu bir daha göstərdiyi üçün çox vacibdir. Yunan tərəfinin nə Kipr türk xalqını, nə də bütün adanı təmsil etmək hüququ və səlahiyyəti yoxdur. Eyni şəkildə BMTSQ-nin səlahiyyət və gücü bufer zona ilə məhdudlaşır.
Bütün bu hadisələrin bizə verdiyi ən mühüm mesaj ŞKTR Pezidenti Ersin Tatarın təkid etdiyi və əvəzedilməz olaraq xarakterizə etdiyi “suverenlik” anlayışının adadakı Kipr türklərinin həyatı və varlığı üçün nə qədər həyati əhəmiyyət daşıdığıdır. Kipr türklərini azlıq statusuna salacaq prosesləri tarixin bir kənarına atan və adadakı türk varlığını həzm edə bilməyənlərə meydan oxuyan bu siyasətin nə qədər doğru olduğu bir daha anlaşılır.
Sonrakı prosesdə Kipr yunan rəhbərliyinə illərdir səlahiyyət, suverenlik və gücünü aşaraq, virtual status imkanı verən beynəlxalq ictimaiyyət bu və buna bənzər hadisələrdə olduğu kimi, ŞKTR reallığı ilə yenidən qarşılaşacaq və status-kvonun mühafizəçilərinin son səyləri də eyni Pile-İgidlər yolunun çatacağı yer kimi, bu şərəfli mübarizənin qarşısını ala bilməyəcək.
Asif Cəfərov
Ordu.az